Bazar, 28 Aprel

Aslan İsmayılov: "Oliqarxlara qulluq edən jurnalistlər şərəfsizdir"

image

Məhşur hüquqşünas Aslan İsmayılov öz "Facebook" hesabından yazdığı statusda bir sıra jurnalistlərin ünvanına sərt fikirlər səsləndirib.

"Məmur-oliqarxlardan, mafiya babalarından aldıqları pula görə şər-böhtan yazan jurnalistlər pul verən yırtıcılardan da təhlükəlidirlər. Hamı bilir ki, bu məmur-oliqarxlar oğrudurlar, xalqın malını talayırlar. Onlara qulluq edən jurnalistlər isə xalqı aldatdıqlarına, onun əxlaqı, mənəviyyatı ilə alver etdiklərinə görə şərəfsiz, əxlaqsızdırlar. Ona görə də onlarla mübarizə aparmaq çox çətindir. Bunlarda əxlaq, mənəviyyat, namus deyilən bir şey yoxdur. Bunlar öz dostlarını, silahdaşlarını pula satırlar, pula görə saçyolmasına çıxırlar.

Özü də bunu gizli yox, açıq şəkildə, hamının gözü qarşısında həyasızcasına edirlər. Mənim üçün bu gün layiq olduğu həbs həyatını yaşayan Vüqar Səfərli bunlardan çox-çox üstündür, çünki o, hakimiyyəti müdafiə edib qazanmaq üçün bunlara da yal haqqı atırdı, onlarla duz-çörək kəsirdi. Bu gün isə bu yal itləri onun ən qatı düşməninə çevriliblər. Bəzən bir insan kimi mənim az qala V.Səfərliyə də yazığım gəlir, ona görə ki, o, bu yırtıcılar qədər təhlükəli deyildi, onun amalı, sifəti bəlli idi. Bunlarda isə sifət də yoxdur. 

Bu mövzuda hakimiyyət haqqında çox deməyəcəm. Sadəcə istəyirəm ki, onlar V.Səfərli aqibətini göz önünə gətirsinlər və bilsinlər ki, V.Səfərli kimilərin hesabına var-dövlət sahibi olmuş bu yırtıcılar sabah onları da tapdalayacaq. Ona görə hələ ki, gec deyil bu dəstədən uzaqlaşsınlar, onları süfrələrinin başında oturtmasınlar, bunların hesabına hakimiyyəti saxlamağı düşünməsinlər.

Hər ay xalqı talan edən məmur-oliqarxlar vasitəsilə bunlara "paket" verdirməyi dayandırsınlar. Bu paketlər isə hər ay milyonlarla manat xalqdan oğurlanmış pul deməkdir. Yaxın vaxtlarda paket ayrılmasını sübut edən faktları da paylaşacam. 

Sonda kənarda dayanıb baş verənləri seyr edən vicdanlı, peşəkar jurnalistlərə müraciət edirəm. Bilin ki, seyr etməklə, çayxanalarda deyinməklə, hadisələrin axarını izləməklə sizin vəziyyətiniz düzələn deyil. Bilin ki, bu həyatda mübarizəsiz heç nə alınmır və bu yırtıcılar uzun illər sahibləndikləri sahəni sizə rahat təhvil verməyəcək. Siz isə elə bir parça çörəyə görə şərəf, ləyaqət nə olduğunu bilməyənlərə qulluq edəcəksiniz. Bu vəziyyətdə sizin də günahınız az deyil. Mənə deməyin ki, biz acından ölməmək üçün bu yırtıcıların yaratdıqları şəbəkədə işləməyə məcburuq. Siz susmağınızla, imkan düşəndə əl altından bu yırtıcıları müdafiə etməklə onlara bu günkü şəraiti yaradıbsınız.

Bu gün bir çoxlarınız sizə pul ayrılmadığına görə narazısınız. Mən şəxsən hakimiyyəti bu mövzuda tənqid etsəm də onların yanaşmalarını başa düşürəm. Axı siz özünüz özünüzə kömək etmirsiniz. Uzun müddətdir ki, hakimiyyət mətbuatda yenilənmə anonsunu verib. Bu müddət ərzində siz nə etdiniz? Bəlkə bu yırtıcı dəstəni ifşa etdiniz, onların bu qədər mal-mülkü haradan topladıqlarını araşdırdınız, yaxud onların yalanlarını, riyakarlıqlarını, reketliklə məşğul olduğunu ifşa etdiniz?! Yaxşı, bunu edə bilmədiniz, heç olmasa sizin əvəzinizə bunu edənlərə dəstək oldunuzmu?! Bu günə qədər onlarla dəfə peşəkar, vicdanlı, gənc jurnalistlərə dəstək olan yazılarım, çıxışlarım olub. Hansına dəstək vermisiniz?! Yoxsa hesab edirsiniz ki, mənim bu yaşımda hansısa media holdinq yaratmaq fikrim var, yaxud başqa maraqlardan çıxış edirəm?! Heç olmasa bunu araşdırın, mənim hansısa şəxsi marağım varsa onu ifşa edin. Siz isə heç nə etmədən dəstək istəyirsiniz. Belə olmur! Mənim də bu murdar dəstənin əxlaqsızlıqlarını dinləmək həvəsim yoxdur. Həvəsim olsa da bacarmaram, çünki bunlar tamam ayrı bir sort adamlardırlar. Ona görə özünüz özünüzə kömək olmağa çalışın ki, hakimiyyət və başqaları da sizə dəstək olsunlar".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39